Ləzgi
İnqiloy
Avar
İvrit
Kürd
Talış
Tat
Xınalıq
Udin
Saxur
Abdulla Şaiq
AMB

Həpimiz Bir Günəşin Zərrəsiyik

Abdulla Şaiq

Azeri English Russian

Abdulla Şaiq

(1881-1959)

   

XX əsr Azərbaycan ədəbiyyatının və maarifinin görkəmli nümayəndələrindən biri olan Talıbzadə Abdulla Mustafa oğlu 1881-ci il fevralın 24-də Tiflisdə anadan olmuşdur. 1888-ci ildə Abdulla altısinifli şəhər müsəlman məktəbində İlk təhsilini almışdır. Məktəbdə oxuyarkən ədəbiyyat və hesab müəllimləri həmişə balaca Abdullanı başqalarına nümunə göstərirdilər. 1893-cü ildə ailə vəziyyəti ilə əlaqədar olaraq Xorasana gəlir. Abdulla Xorasanda dövrün mütərəqqi ziyalısı Yusif Ziyanın məktəbində təhsilini davam etdirir. 1900-gu ildə o, Tiflisə qayıdır. On doqquz yaşlı Abdulla yeddi ildə Xorasanda mükəmməl təhsil almışdı, tarix, məntiq, psixologiya elmlərini,şərq və Azərbaycan ədəbiyyatını yaxşı öyrənmişdi, rus ədəbiyyatına da bələd idi. Bir müddət Tiflisdə qaldıqdan sonra A.Talıbzadə 1901-ci ildə Bakıya gəlir. 1901-ci il aprelin 22-də üçüncü oğlan gimnaziyasında xüsusi imtahan komissiyasında imtahan verərək Ana dili müəllimi adını alır. O, 5 noyabr 1901-ci ildən rus-tatar məktəblərində ehtiyat müəllimi kimi pedaqoji fəaliyyətə başlayır. Bu elə bir dövr idiki xalqı maarifləndirmək, kütlələrin gözünü açmaq, onları zamanın tələbinə uyğun tərbiyə etmək ictimai bir məsələ kimi meydana çıxmışdı. Azərbaycan maarifinin qarşısında yenitipli məktəblərin yaranması,məktəblərdə təlimin ana dilində aparılması, dərs kitablarının ana dilində tərtib edilməsi, ibtidai və orta məktəblərin inkişafı, milli müəllim kadrlarının hazırlanması kimi problemləri həll etmək dururdu. Belə bir dövrdə əsrin tanınmış ziyalıları kimi A.Talıbzadə (Şaiq) də bu problemlərin həllində uzun və şərəfli bir yolun yolçusu olaraq ömrünün 34 ilini Azərbaycan maarifinin inkişafına sərf etmişdir. 1906-cı ilin avqustunda Bakıda birinci müəllimlər qurultayı çağrıldı. Qurultayın təşkilində Şaiqin böyük xidməti vardı. Gənc müəllim ana dili və ədəbiyyatın tədrisi və yeni dərsliklər yaratmaq barədə təşəbbüskar kimi çıxış etdi. Qurultay H. Zərdabi, F. Köçərli, M. Mahmudbəyov, S. Sani, A. Şaiq və başqalarından ibarət xüsusi komissiya seçdi və Azərbaycan dilindən müvafiq proqram hazırlamağı onlara tapşırdı. Birinci müəllimlər qurultayından heç bir il keçməmiş neçə-neçə yeni dərsliklər yarandı. Bunların arasında S.Saninin,A.Əfəndizadənin «Əlifba», A. Şaiqin «Uşaq çeşməyi» kitabı da var idi. On altı səhifəlik «Uşaq çeşməyi» kitabı kiçik yaşlı uşaqların bilik səviyyəsinə uyğun idi. Bundan sonra o,müxtəlif illərdə bir-birinin ardınca «Gülzar», «Milli qiraət», «Müntəxabat», «Türk çələngi», «Ədəbiyyat». «Türk ədəbiyyatı», «Gülşəni ədəbiyyat» adlı dərsliklər və proqramlar hazırlamışdır. Bu dərsliklərdə Azərbaycan klassiklərinin həyat və yaradıcılığı haqqında məlumatlar və əsərlərindən parçalar verilmişdir. Vətəndaş müəllim eyni zamanda ədəbiyyatımızı həvəslə tədqiq və təbliğ edirdi. Xaqani, Nizami, Nəsimi, Füzuli, Xətayi, Vaqif, Vidadi, Zakir, M. F. Axundov, S. Ə. Şirvani, M. Ə. Sabir, A. Səhhət, M. Hadi, H. Cavid kimi sənətkarların yaradıcılıqlarının tədqiqində bir ədəbiyyatşünas alim kimi onun xidmətləri böyükdür. Şaiqin 20-30-cu illərdə dilimizin fonetika, morfologiya, sintaksis və üslubiyyat məsələlərinə dair yazdığı elmi məqalə və əsərlərin bir çoxu indi də öz əhəmiyyətini saxlayır. Şaiq elmi-pedaqoji fəaliyyəti ilə ədəbi yaradıcılığını paralel inkişaf etdirirdi. Əslində bu iki sahə onun fəaliyyətini tamamlayırdı. Elmə, maarifə çağırış, gənc nəslin taleyi, tərbiyəsi, xalqın, vətənin gələcəyi kimi məsələlər onun bədii əsərlərinin əsas mövzusu idi. Müxtəlif illərdə yazdığı şerlər, hekayələr, povestlər, romanlar, dram əsərləri Şaiq cəsarətinin, Şaiq dünyagörüşündəki qabaqcıl meyllərin nümayişi idi. A .Şaiqin ən böyük xidmətlərindən biri də 1918-ci ildə bir qrup kadet görüşlü ziyalıların müqavimətini qıraraq, ilk dəfə olaraq Realnı məktəbin nəzdində Ana dilində, milli siniflər açması oldu. Burada bütün dərslər Azərbaycan Türk dilində aparılırdı.Təzə açılan siniflərdə əsas müəllimlər A. Şaiq, Q. Rəşad, C. Cəbrayılbəyli, S. Quliyev və başqa ziyalılar idi. Həmin siniflər Demokratik Cümhuriyyət dövründə yaranan «Nümunə məktəbi»nin bünövrəsi oldu. Lakin yeni yaranmış məktəb bir çox problemlərlə üzləşdi. Nə dərslik, nə də proqram vardı, müəllim kadrları çatışmırdı. Seçilmiş heyət A.Şaiqin rəhbərliyi ilə şagirdlər üçün proqram və dərslik hazırlamağa başladı. «Şaiq Nümunə məktəbi»nin məzunu, hazırda EA-nın müxbir üzvü Məhəmmədəmin Salehli söyləyir ki, bir çox fənlərdən dərsləri bizə Türkiyədən gəlmiş müəllimlər deyirdi. Qocaman pedaqoq və tədqiqatçı Lətif hüseynzadə gənclərdə milli şüurun formalaşmasında, milli mədəniyyətin, tarixin öyrənilməsində o vaxt fəaliyyət göstərən məktəbin böyük rol oynadığını göstərərək yazır ki, məktəbdə çatışmayan dərslikləri Türkiyədən gətirirdilər. Bütün bu çətinliklərə baxmayaraq Abdulla Şaiqin rəhbərliyi ilə gənc, həvəskar müəllimlərin səyi və çalışqanlığı sayəsində milli siniflərdə dərs prosesi tərəqqi tapdı. Sovet hakimiyyətinin ilk illərində məktəb iki yerə ayrıldı:aşağı şöbələr və siniflər-birinci dərəcəli doqquzuncu məktəb, üçüncü sinifdən etibarən isə-ikinci dərəcəli on ikinci məktəb adlandırıldı. «Nümunə məktəbi»nin fəaliyyətində A.Şaiqin xüsusi rolu olmuşdur. Akademik M.Salehli söyləyir ki, məktəbin direktoru Qafur Kantemir idi.Abdulla Şaiq ədəbiyyatdan dərs deyirdi. O dərin biliyə malik,öz peşəsinin vurğunu olan hərtərəfli bir şəxs idi. Uşaqlara böyük qayğı ilə yanaşır,onlarla davranışda çox nəzakətli olardı. Biz şagirdlər ona ehtiramla yanaşar, hörmət əlaməti olaraq «Mirzə» deyərdik. 1923-cü ildə «Nümunə məktəbi»nin ilk buraxılışı oldu. Həmin buraxılış gecəsində tələbə və müəllimlərin arzusunu nəzərə alan Maarif Komissarlığı və Baş Tərbiyə İctimaiyyə Dairəsi bir çox dolanbaclı yollardan keçib fəaliyyətini müvəffəqiyyətlə davam etdirən məktəbi «Şaiq Nümunə məktəbi» adlandırmağı qərara aldı. 1918-ci ildə yaradılmış məktəb 10 il fəaliyyət göstərmişdir. Bu müddət ərzində məktəbdə sivilizasiyaya doğru inkişaf perspektivləri, əsrin əvvəllərində Azərbaycanın dirçəldilmə imkanları, milli şüurun sürətlə oyanma prosesi nəzərə alınaraq müstəqil və real milli təhsil siyasəti həyata keçirilirdi. Abdulla Şaiq Talıbzadənin fəaliyyəti çoxşaxəli olmuşdur.

Şaiq lirik-romantik şair, Şaiq-nasir, Şaiq-dramaturq, Şaiq-ədəbiyyatşünas, nəhayət uşaq ədəbiyyatının yaradıcılarından biri... Nəhayət, Şaiq-görkəmli müəllim, maarif və mədəniyyət xadimi... Bəli, illər keçsə də, nəsillər dəyişsə də O beləcə Vətənimizin, Mədəniyyətimizin, Xalqımızın yaddaşında qalacaqdır!